Site icon Frame.az

Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib

Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib.

Aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.

Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir- birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.

Həmçinin aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib.

Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran “Lufthansa” öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.

Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir. Bu yolla həmin şəhərlərin turizm potensialını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır.

Frame.az

Exit mobile version