EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin 80 illik yubileyi qeyd edilib

Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin 80 illik yubileyi qeyd edildi.
Azərbaycan kinematoqrafiyasının fədakar veteranını təbrikə təkcə qohumları və dostları deyil, uzun illər çiyin-çiyinə çalışdığı mədəniyyət xadimləri də gəlmişdi. Qonaqlara BMM-nin foyesində  Pərviz Quliyevin Azərbaycan kinosunun səhifələrinin tarixi bələdçisi olan fotolarından ibarət videoçarx təqdim olundu.
Tədbiri Əməkdar mədəniyyət işçisi Rahib Azəri açaraq Azərbaycan kinosunun tarixi səhifələri və kinoda fotoqraf sənəti haqqında düşüncələrini bölüşdü. Daha sonra Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi  Cəmil Quliyev çıxış edərək Pərviz Quliyevin kinodakı xidmətlərindən söz açdı. Diqqətə çatdırdı ki, Azərbaycan kino salnaməsinin foto yaddaşının toplanmasında, qorunub saxlanmasında fotoqraf-rəssam Pərviz Quliyevin çox böyük zəhməti olub.  Öz arxivini bir neçə il əvvəl  Dövlət Film Fonduna hədiyyə edən yubilyarın lentə aldığı fotoşəkillər geniş bir dövrü əhatə edir, onların arasında çox nadir fotolar da var. Onun fotolarında insanların taleləri, böyük zəhmət, kino xadimlərimizin yaradıcılıq axtarışları, filmlərimizin yaranma tarixi əks olunub. Pərviz Quliyevin yaradıcılığı  sanki kinomuzun bu günü ilə keçmişi arasında bir rabitədir.
Xalq artisti Səyavuş Kərimi, Əməkdar incəsənət xadimi, operator  Rafiq Qəmbərov, Azərbaycan Fotoqraflar Birliyinin İdarə heyətinin sədri Mirnaib Həsənoğlu, Xalq artisti Faiq Sücəddinov çıxış edərək yubilyara təbriklərini ünvanladılar.
Yubiley gecəsində Azərbaycan kino musiqilərindən nümunələr səsləndirildi.
Xalq artistləri Murad Hüseynov, Ənvər Sadıqov, Səyavuş Kərimi, Elçin Həşimov, Əməkdar artist Ramil Qasımov, Elnur Əhmədov, İnarə Babayeva, “Avanqard” orkestrinin ifasında kino tariximizə musiqili səyahət tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda yubilyar çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürünü bildirdi.

Qeyd edək ki, BMM fəaliyyətində milli mədəni irsimizin müxtəlif sahələrini əhatə edən layihələri təqdim edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!