Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib.
Gecədə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin fortepiano ixtisası üzrə magistraturasının 1-ci kurs tələbəsi Muxtar Abseynov dünya klassik bəstəkarlarından İ.S.Baxın, V.A, Motsartın, F.Şopenin, Azərbaycan bəstəkarlarından A.Bəbirovun əsərlərini ifa edib.
Qeyd edək ki, tamaşaçılar arasında ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimləri də var idi. Muxtar Abseynovun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq təkrar ifa üçün səhnəyə dəvət edildi.
Sonda Muxtar Abseynov Beynəlxalq Muğam Mərkəzinin və ADMİU-nun birgə layihəsi olan “Yeni nəsil dəvət edir” adlı layihə çərçivəsində ona yaradılan şərait üçün Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkür etdi. ADMİU-nun rektoru Fərəh Əliyevaya ona göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Abseynov qeyd edib ki, bu axşam tamaşaçıların qarşısında çıxış etmək olduqca məsuliyyətli, şərəfli iş idi və gələcək yaradıcılığında bu çıxış önəmli əhəmiyyət kəsb edir.
Beynəlxalq Muğam Mərkəzində fevralın 23-də saat 19:00-da Əməkdar artist Lalə Məmmdovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək. Konsertdə artisti Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Tariyel Abbasovdur.
Biletləri şəhərimizin kassalarından ,“ASAN xidmət” mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.
Frame.az