Site icon Frame.az

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçirilib

Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan yazıçısı və şairi, unudulmaz Mikayıl Müşfiqin yaradıcılığına  həsr olunmuşdu.
     Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
     Konsertdə sevimli şairin sözlərinə bəstələnmiş  mahnılar ifa edilmişdi. Xalq artistləri – Zabit Nəbizadə -“Maralım”, Teyyub Aslan -“Yaşa məhəbbətim”, əməkdar artistlər – Arzu Əliyeva -“Sənin gülüşlərin”, Almaz Orucova -“Necə əl çəkim”, Ehtiram Hüseynov-“Könül yaşa”, Rəşad İlyasov -“Sənin üçün”, müğənnilər – Kamilə Nəbiyeva -“Yenə o bağ olaydı”, Rövşən Əziz- “Qurban olduğum” mahnılarını ifa etmişdilər.
     İfaçıları  xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
     Konsertin son nömrəsi olan “Sənə qurban ” mahnısı    Teyyub Aslan,  Rövşən Əziz və Rəşad İlyasovun  birgə ifasında səsləndi.
    Konsertin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.
    Tamaşaçılar çıxışları alqışlarla qarşıladı.
   Oktyabrın 25-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nəsiminin qəzəlləri mövzusunda konsert gecəsi keçiriləcək.
Biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və İticket. az saytında əldə etmək olar.
Frame.az
Exit mobile version