Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirildi.
Tədbir Muğam Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşmışdır.
Konsertdə Ə.Əzizovun “Skertso”, G.Belştadtın “Napoli”, K. Veberin “Sehrli oxatan” operasından ovçuların xoru, P.Çaykovskinin “İlin fəsilləri”silsiləsindən “Noyabr”, F. Şopenin “Etüd”, T. Quliyevin “Görüş” k/f-dən mahnı, V. Adıgözəlovun “Lay-lay”, F.Əmirovun “1001 gecə” baletindən rəqs, C. Cahangirovun “Yenilməz batalyon” k/f-dən “Köhlən atım” mahnısı, H.Xanməmmədovun “Yaşa könül”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.
Gecədə məktəbin, gəncliklərinə baxmayaraq artıq bir neçə Respublika və Beynəlxalq müsabiqələrin laureatı adlarını qazanmış istedadlı şagirdləri görkəmli bəstəkarların əsərlərini məharətlə ifa edərək tamaşaçıları sevindirdilər.
Konsert musiqisevərlər tərəfindən maraq və gur alqişlarla qarşılandı.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Dekabrın 25-də Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı ilə birgə həyata keçirdiyi “Yaradanlar və yaşadanlar” layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbir tanınmış müğənni, Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın yaradıcılığına həsr olunacaq.
Frame.az