Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq. Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.
“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.
Əziz musiqi həvəskarları !
Muğamların birincisi sayılan , bədii təsir qüvvəsi etibarı ilə coğqunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradan “Rast” muğamının dərin fəlsəfəsindən zövq almaq istəyən bütün muğamsevərləri 19 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinə dəvət edirik.