EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində hind rəqsləri təqdim olunub

Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edildi. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirildi.

Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə hind rəqsləri təqdim olunub.

Tədbirdə bildirilib ki, Hindistanın hər bir ştatının müxtəlif mədəniyyəti var və təqdim olunan rəqslər bu ölkənin Assam vilayətinə məxsusdur. Həmin vilayətdə keçirilən “Bihu” festivalını kənd təsərrüfatında çalışan insanlar məhsul yığımından sonra milli yeməklərlə qeyd edirlər. Daha sonra konsert zərb alətləri, şeypur və fleytanın müşayiəti ilə rəngarəng musiqi nömrələri ifa olundu.

Konsertin sonunda kollektiv Azərbaycan səhnəsində çıxışlarından məmnunluqlarını ifadə etdilər və Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynova yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı, dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində səfirliklərlə layihələr reallaşdırılır ki, keçirilən tədbirlərdə milli-etnik mədəniyyət nümunələri təbliğ edilir. Bu günə kimi BMM-in “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycanın muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni zamanda, BMM–in təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya və Gürcüstana Azərbaycan musiqiçilərinin səfərləri təşkil edilib.

Hindistan rəqs qrupunun Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışı folklor nümunələrimizin qarşılıqlı tanıdılması məqsədi daşıyır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!