“Bilimdən Zəfərə” layihəsi yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzində 6-14 yaşarası şəhid övladları üçün həyata keçirilən “Bilimdən Zəfərə” layihəsi yekunlaşıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində uşaqlara “Həndəsi cisimlər”, “Rəngləri öyrənirəm”, “Proqramlaşdırma” mövzularında təlimlər keçirilib, “Sıxlıqlar fərqi”, “Suyun qaldırma qüvvəsi” və “Kimyəvi elementlərlə oyun” kimi əyləncəli təcrübələr və kino saatları təşkil olunub.

Layihənin sonunda iştirakçılar dünyanın ən böyük texnologiya yarışlarının keçiriləcəyi “Texnofest 2023” tədbiri barədə məlumatlandırılıblar. “Bilim Bakı” mərkəzi tərəfindən keçirilən təlim və məşğələlərdə fəal olan şəhid övladları da festivalın kosmos və aviasiya, səhiyyə, proqram təminatı, nəqliyyat sistemləri, dizayn, təhsil, ətraf mühit, kənd təsərrüfatı texnologiyaları və digər gələcəyin əsas sahələrinə aid 102 alt kateqoriya üzrə təşkil olunacaq 41 əsas yarışda iştirak etməyə dəvət olunublar.

“Teknofest 2023” tədbirinə hazırlaşmaq üçün müraciət edən şəhid övladları və digər uşaqlar festivala qədər “Bilim Bakı” mərkəzi tərəfindən təyin olunan mentorların dəstəyi ilə maraq dairələrinə uyğun olaraq komanda halında festivala hazırlaşacaqlar.

“Bilimdən Zəfərə” layihəsinin məqsədi uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaq, istirahət günlərinin səmərəli təşkilini təmin etmək və onlar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Layihənin keçirilməsinə “Şaurma N1” və “CafeCity” tərəfindən dəstək göstərilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: