Site icon Frame.az

Biomüxtəliflik Sammiti ərəfəsində BMT təbiəti gələcək nəsillər üçün qorumağa çağırıb

Bioloji Müxtəliflik Sammiti ərəfəsində BMT vaxtın məhdud olduğunu xatırladaraq, bir daha təbiəti qorumağa çağırdı. Yaxın gələcəkdə bir milyona yaxın bitki və heyvan növü yer üzündən yoxa çıxa bilər.

Frame.az BMT-nin xəbərlər xidmətinə istinadla xəbər verir ki, çərşənbə günü bu həftə BMT-də keçiriləcək zirvə toplantısında dünya liderləri planetimizdə həyatın dəstəklənməsindən asılı olan flora və faunanın növlərini saxlamağa hazır olduqlarını təsdiqləyəcək.

“Biz vaxt itirə bilmərik. Biz biomüxtəlifliyin itirilməsinin bəşər tarixində misli görünməmiş templərlə baş verdiyinin şahidi oluruq…”, – deyə “Bioloji müxtəliflik haqqında” Konvensiyanın İcraçı katibi Elizabet Maruma Mrema bildirib.

“Biz – qlobal tarixdə ən təhlükəli növük”, deyə Mrema əlavə edib ki, bir çox heyvan və bitki növü insan fəaliyyəti nəticəsində yox olur.

1900-cü ildən bəri əksər quru aralıqlarında yerli flora və fauna növlərinin sayı orta hesabla ən azı 20 faiz azalıb. Mütəxəssislər, balıq ehtiyatlarının tükənməsi, bir çox tozlandırıcıların və torpaq orqanizmlərinin yox olması barədə kədər hissi ilə məlumat verirlər.

XVI əsrdən bəri onurğalıların ən az 680 növü məhv edilmişdir. Bu gün bir milyona yaxın heyvan və bitki növü tamamilə məhv olma ərəfəsindədir – bir çoxu önümüzdəki onilliklərdə geri dönməz şəkildə itirilə bilər.

Elizabet Maruma Mrema, qlobal ekoloji irsin qorunması üçün təcili tədbirlərin görülmə vaxtının gəldiyini vurğuladı. O xatırlatdı ki, hələ 1992-ci ildə Rio-de-Janeyroda yer üzündə həyatın müxtəlifliyinin qorunmasına töhfə verən və təbiətin davamlı və ədalətli istifadəsinin təməlini qoyan BMT-nin Bioloji Müxtəlifliyə dair Konvensiyası hazırlanıb.

BMT nümayəndəsi 2010-cu ildə Yaponiyanın Ayti şəhərində Biomüxtəlifliyin Qorunması və Davamlı İstifadəsi üçün Strateji Planın razılaşdırıldığını xatırladıb. Həmin Plan 2020-ci ilin sonuna kimi tamamlanacaq 20 xüsusi tapşırığı müəyyənləşdirir. Mremanın dediyi kimi, Aytinin məqsədlərinin biomüxtəliflik üçün vacibliyi, Paris razılaşmasının qlobal istiləşmə ilə mübarizə üçün vacib olduğu qədərdir. Bu il dövlətlər Aytidə razılaşmalara yekun vurmalı və bu sahədə yeni vəzifələr müəyyənləşdirməlidir.

Ekspertlər hesab edirlər ki, müəyyən irəliləyişə baxmayaraq, növlərin itməsinin qarşısının alınmasından tutmuş, ətraf mühitin çirklənməsinin azalması və meşələrin qorunub saxlanılmasına qədər qarşıya qoyulan məqsədlərdən bir çoxuna nail olunmayıb.

İndi yeni layihə və “keçmiş illərin uğursuzluqları”nın nəzərə alınacağı yeni vəzifələrin müəyyənləşdirilməsi üzərində iş gedir. Sənəd hələ ilkin mərhələdədir, onun nəzərdən keçirilməsi qeyri-rəsmi məsləhətləşmələr zamanı aparılır. 2021-ci ildə Çində keçiriləcək Bioloji Müxtəliflik Konvensiyası Tərəflərinin 15-ci Konfransında razılaşdırılıb qəbul edilməsinin mümkün olacağına ümid edilir. Yeni plan təxirəsalınmaz hərəkətləri nəzərdə tutacaq.

BMT-nin Ətraf Mühit Proqramının rəhbəri İnger Andersen bildirib ki, dünya liderləri artıq təbiəti məhv etməmək və davamlı və ekoloji cəhətdən təmiz inkişafa keçmək öhdəliyi götürməlidir. O əlavə edib ki, bu gün Flora və fauna uğrunda mübarizədə gənclər fəal iştirak edirlər. UNEP rəhbəri təbiətin mühafizəsi sahəsində planların hazırlanmasında yerli xalqların da fikrini nəzərə almağa çağırıb.

Exit mobile version