Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac – min nəfəs” aksiyası bu dəfə Masallı və Lənkəran rayonlarında keçirilib. Aksiya zamanı vətəndaşlardan ümumi tutumu 270 litr olan plastik, 7 litr olan şüşə, 12 kiloqram kağız tullantı, 111 ədəd işlənmiş batareya təhvil götürülərək təkrar emala göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, nazirliyin, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyalarda plastik, şüşə, kağız və işlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb: “Aksiyanın keçirilməsində məqsəd hər kəsi ağac əkməyə təşviq etməklə yanaşı, tullantıların sayının azaldılmasına və təkrar emalına dəstək olmaqdır”.
S.Məmmədovanın sözlərinə görə, aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək.