“Bir bilet = bir ağac” şüarı altında keçiriləcək 5-ci ANİMAFİLM festivalının proqramı açıqlanıb

Sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq artıq bilet satışını elan edib. Beynəlxalq tədbir “İqlim dəyişikliyi”nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya). Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək, qalibə isə Lenovonun mükafatı təqdim ediləcək. Festivalın digər nominasiyalarında mükafatlar TVPaint Développement (“Ən yaxşı tələbə animasiya filmi”), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu (“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”) və Shahmaran Metaceramica tərəfindən təqdim olunacaq.

Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək.

Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bunlardan başqa, proqramda Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da nəzərdə tutulub.

Festival çərçivəsində animasiya restavrasiyasına dair “Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da keçiriləcək.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “PERİ FİLM” şirkətidir.

Festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Association”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Dynamic Box Studio”, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondu, “Lenovo”, “Tripsome”, “Ritual Mobil Teatr” Laboratoriyası, “Cafino Coffee&Wine”, “Nemi Hotel Baku”, “Unibroad”, “Choche.az”, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və “TVPaint Développement”dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: