British Council Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın SABAH Qrupu və Nizami Kino Mərkəzi ilə birlikdə “Bir Günəş Altında” pyesinin səhnələşdiriləcəyini elan edir. Tamaşanın premyerasında rolları Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən olan fiziki imkanları məhdud olan və olmayan aktyorlar ifa edir.
“British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir. Bu tamaşa fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.
Pyes teatrı sosial dəyişikliklər üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daima yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulur. Tamaşada forum-teatr texnikaları istifadə ediləcək.
“Bir Günəş Altında” tamaşası Bakının müxtəlif universitetlərində Azərbaycan dilində səhnələşdiriləcək. Tamaşanın premyerası 9 mart tarixində, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Tamaşa ikinci dəfə 13 mart tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində səhnələşdiriləcək. Pyesin müəllifi azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovadır. Pyes tamaşada baş rolu ifa edən motivator və bloqqer Murad Məmmədovun həyat hekayəsinə əsaslanır.
Frame.az