Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Pandemiya ilə əlaqədar ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Frame.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.

Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

 Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.

 İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.

 Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.

 Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.

 Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.

 Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!