BMM tədqiqat fəaliyyətində növbəti böyük uğura nail olub
BMM-nin “Dəyimi masa” layihəsi pandemiya qaydaları nəzərə alınmaqla növbəti dəfə iştirakçıları bir araya gətirib.
Tədbirdə tanınmış muğam ifaçıları və muğam biliciləri iştirak edirdi. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur .
Layihənin budəfəki mövzusu XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevin irsinin araşdırılmasına həsr edilmişdi. Tədbiri “Dəyirmi masa” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı açıq elan edərək mərkəzin rəhbərliyi adından qonaqlara təşəkkürünü bildirdi, xanəndənin həyat və yaradıcılığı haqqında məlumatı diqqətə çatdırdı. Bildirib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə qastrol adı ilə Azərbaycandan çıxır. Qastrol səfərində Vladiqafqazdan başlayaraq, Tbilisi, Batumi və başqa şəhərlərə, Avropanın bir çox ölkələrinə qədər gedib çıxıb. Sonda gəlib Türkiyədə məskunlaşıb. Ondan sonra bir daha Azərbaycana qayıtmayıb. Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqiçi həyatı keçirib. O, tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər. Bu işdə ilk müraciət etdiklərimizdən vaxtilə Türkiyənin Azərbaycandakı keçmiş Mədəniyyət müşaviri, rəhmətlik İrfan Çiftçi oldu. Onun axtarışları nəticəsində Azərbaycan Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub tapıldı.Məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Bəyoğlu məhəlləsindədir
Bugünki tədbirin məqsədi isə Hafiz Əhmədovun axtarışları nəticəsində isə xanəndənin ifasında 4 lent yazısı aşkarlanmasıdır. BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı-jurnalist Hafiz Əhmədov da cəlb edilib.
Daha sonra əldə edilən dörd ifa muğam bilicilərin nəzərinə təqdim edildi.
Əməkdar artist, tarzən, muğam bilcisi Valeh Rəhimov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və etno musiqi janrının bilcisi, qaval ifaçısı Mahmud Salah çıxışları zamanı M.M . Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açdılar. Dinləmələr və müzakirələr, xanəndənin bugünə kimi bəlli olan lent yazılarına istinad və araşdırmaçıların qənaəti eləcə də Azərbaycan muğam məktəbinin ənənələri nəzərə alınmaqla ifaların yekdilliklə M.M. Fərzəliyevə məxsusluğu isbat edildi. Mütəxəssislər xanəndənin “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti(nəzərə alsaq ki, xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edirdi) də burada əsas amil kimi dəyərləndirdilər.
Tədbirin sonunda iştirakçılar muğam tariximiz üçün maraqlı tədqiqata görə BMM-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir.
BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar eləcə də M.M. Fərzəliyevin Türkiyədəki məzarının axtarışının nəticəsi ictimaiyyətə təqdim olunacaq.