Site icon Frame.az

BMTİP Azərbaycan və “Coca-Cola” Salyanda Qadın Resurs Mərkəzi açıb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Coca-Cola” Fondunun əməkdaşlığının nəticəsi olaraq Salyan rayonunda Qadın Resurs Mərkəzi istifadəyə verilib.

Mərkəzin açılış mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İshaqzai və “Coca-Cola-nın Qafqaz və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Aleksandra Akkirman iştirak ediblər.

Salyanda açılmış yeni resurs mərkəzi BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı əsasında kənd qadınlarının icma həyatında öz mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə Sabirabad, Neftçala, Biləsuvar və Masallı rayonlarında açılmış analoji mərkəzlər şəbəkəsinə qoşulub.

Sözügedən mərkəzlər qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolunu oynayır.

Bugünkü mərasim zamanı doqquz qadına öz biznes fəaliyyətlərinə başlamalarına şərait yaradacaq qrantlar verilib. Eyni zamanda,peşə kurslarını bitirən 20 qadın sertifikatla təltif edilib.

Neftçala və Salyan rayonlarında kənd qadınları və gənclərin iqtisadi və sosial rifahının yaxşılaşdırılması məqsədilə “Coca-Cola” Fondunun irəli sürdüyü təşəbbüs əsasında BMTİP bugünədək 400 nəfər qadına iqtisadi, təhsil və sosial bacarıqlar üzrə təlim keçib. Qurum, həmçinin qadınların rəhbərlik etdiyi 28 biznes sahəsinin inkişafını dəstəkləyib, 1300 kişi və qadın arasında gender və zorakılıq məsələləri barədə maarifləndirmə tədbirləri təşkil edib, 114 gənc kənd qadınını peşə təhsili ilə təmin edib, altı kənd icması üzrə 800 qız uşağı üçün nəzərdə tutulmuş su və kanalizasiya avadanlıqlarını təkmilləşdirib.

Frame.az

Exit mobile version