Site icon Frame.az

“BOHEMA” operasının tamaşasında dünya ulduzları iştirak edəcək

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin  “Bohema” operasının tamaşası keçiriləcəkdir.

Tamaşanı tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcəkdir. L.Tassyeri vətəni İtaliyadan başqa dünyanın bir çox ölkələrində – Avropa, Latın Amerikası və Yaxın Şərq, habelə ABŞ, Yaponiya, Çin, Koreya və s. ölkələrin ən mötəbər teatr və konsert salonlarında çıxış edir.

Opera tamaşasında Mimi partiyasını Teatrın aparıcı solisti – Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları – Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Vladimir Qromovu da tamaşada əsas partiyalardan olan Rudolf və Marselin partiyalarını ifa etmək üçün dəvət  etmişdir.

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol),  Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) çıxış edəcəklər.

Frame.az

Exit mobile version