Site icon Frame.az

Bolqarıstanda “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunub

14 iyun 2017-ci il tarixində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci il dönümü ilə əlaqədar Sofiya şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olundu.

Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti və incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – xalçalar, milli geyimlər, keramika , zərgərlik,misgərlikməmulatları nümayiş etdirildi.

Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış etdilər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etdi. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya, eləcə də sərginin kuratoru olan muzeyin baş mütəxəssisi Rəma Zeynalovaya təşəkkürünü bildirdi. Həmçinin, sərgidə təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu qeyd etdi.

Səfir Nərgiz Qurbanova çıxışında Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu diqqətə çatdırdı. Muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi olan  xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd etdi. Həmçinin, mövcud olduğu 50 il ərzində muzey tərəfindən dünyanın müxtəlif ölkələrində 30-dan artıq sərgi təşkil olunduğunu vurğuladı.

Səfir Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim olunan əsərlərin bir çox ölkələrdə sərgiləndiyini əlavə etdi. Səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfər etməyə dəvət etdi.

Sərgidə həmçinin Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən video-çarx nümayiş olundu və ziyarətçilərə “Avropa2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim edildi. Açılış mərasimindən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olundu.

Sərgi iyul ayının 30-dək davam edəcəkdir.

Frame.az

Exit mobile version