Site icon Frame.az

Bu gün dünyanın bir çox ölkəsində “Yer saatı” kampaniyası ilə əlaqədar işıqlar söndürüləcək

“Yer saatı” kampaniyası planetimiz üçün müsbət dəyişikliklər etmək məqsədilə yüz milyonlarla insanı ətrafına cəm edən qlobal ekoloji hərəkatdır. Kampaniyanın əsas hədəfi kütlənin gücündən yararlanaraq ətraf mühitə töhfə verməkdən ibarətdir.

Frame.az “ideacampaign.org” saytına istinadla xəbər verir ki, “Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2,2 milyon şəhər sakini və 2 mindən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürmüşdülər. Növbəti il kampaniya 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilib.

Hər il mart ayının son şənbə günü “Yer saatı” kampaniyası çərçivəsində ənənəvi olaraq 162-dən çox ölkə və 7000-dən çox şəhər “işıqların söndürülməsi” saatını qeyd edir. Sidney Harbour körpüsü, CN Toronto qalası, San Fransiskoda yerləşən Qızıl Qapı körpüsü, Roma şəhərində yerləşən Kolizey kimi dünyanın əzəmətli binaları bir saat ərzində qaranlığa qərq olurlar.

Azərbaycan da qlobal hərəkata qoşulan ölkələr sırasındadır. Hər il ölkəmizdə “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə kütləvi tədbir keçirilir.

Exit mobile version