Baku City CircuitFormula 1Idman

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Formula 1-də təsnifat mərhələsinin yekunlarına əsasən, “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə sprint yürüşündə isə “ART Grand Prix” komandasının pilotu Frederik Vesti birinci olub. “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.

Formula 1-də yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” – 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” – 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!