Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib

Avqustun 3-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov yer alıblar.

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Sami Mmae, Mats Knuster, Tokmak Nquen, Anderson Esiti, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Frank Boli və Aissa Laiduni çıxıblar.

İsveçli baş hakim Andreas Ekberq idarə etdiyi oyunda hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub. Birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə təşkil olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: