Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev Caspian European Club-un 2019-ci il yanvarın 16-da “Hyatt Regency Baku” otelində təşkil edəcəyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək.
Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyevin sözlərinə görə, tədbir Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Caspian European Club üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.
CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin özəl sektor ilə “ASAN xidmət” arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə ediləcək. CEO Lunch Baku-nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
CEO Lunch Baku yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir.
Qeydiyyat üçün Caspian European Club-un saytında aşağıdakı linkə daxil olmaq lazımdır:
http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/385-ceo-lunch-baku-16-01-2019
CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Frame.az