Site icon Frame.az

Çin nümayəndəsi FAO-nun baş direktoru seçilib

Çinin Kənd Təsərrüfatı Nazirinin müavini Çu Dunyu 4 il müddətinə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni baş direktoru seçilib.

FAO-nun baş direktoru vəzifəsinə seçki iyunun 22-də İtaliyanın paytaxtı Romada işə başlayan qurumun 41-ci sessiyasında keçirilib. Səsvermədə Çu Dunyu 108 səs, fransalı Ketrin Jeslen-Lanel 71 səs, gürcü Davit Kirvalidze isə 12 səs toplayıb. Çin nümayəndəsi vəzifəsinin icrasına avqustun 1-də başlayacaq. O, FAO-nun rəhbəri seçilən ilk Çin nümayəndəsidir.

Qeyd edək ki, 56 yaşlı Çu Dunyu 2015-ci ildən Çinin Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsində çalışır. Bundan əvvəl isə uzun illər Çin Kənd Təsərrüfatı Akademiyasında işləyib.

FAO-nun hazırkı baş direktoru braziliyalı Jose Qratsiano Da Silva 2011-ci ildən iki dövr təşkilata rəhbərlik edib.

Frame.az

Exit mobile version