Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Könüllülərin spikeri” proqramı çərçivəsində təşkil etdiyi növbəti görüşün qonağı musiqiçi Çingiz Mustafayev olub.
Tanınmış ifaçı Ç.Mustafayev 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri qarşısında çıxış edib və onları maraqlandıran sualları cavablandırıb. Görüş zamanı Ç.Mustafayev könüllülərə öz həyatının maraqlı anlarından söhbət açıb. Onları əsla ruhdan düşməməyə və uğur qazanmaq üçün hər zaman irəli getməyə səsləyib.
Könüllülərə həyat və yaradıcılığından, həmçinin qazandığı uğurlardan danışan Ç.Mustafayev mahnılarını ifa edən tədbir iştirakçılarına əməliyyat şirkətinin hazırladığı hədiyyələri təqdim edib. Görüşün sonunda könüllülər Ç.Mustafayevin sevilən mahnılarından birini onunla birlikdə ifa ediblər.
Qeyd edək ki, BŞH Akademiyası“Könüllülərin spikeri” proqramı çərçivəsində oxşar görüşlər keçirməyə davam edəcək.
Frame.az