EventsMuğamMusiqiMədəniyyətTəqdimat

“Dəyirmi masa” layihəsi görkəmli xanəndə qadın Mirzə Güllərə həsr olundu

Beynəlxalq Muğam Mərkəzində muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsi səsini ilk dəfə 1914-cü ildə Kiyevdə “Monarch-Record” studiyasında vala yazdırmış qadın xanəndə Mirzə Güllərə həsr edildi. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.

Tədbiri Gülhüseyn Kazımlı açaraq BMM-nin rəhbərliyi adından iştirakçılara təşəkkürünü ifadə etdi. Bildirdi ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğam sənətini, muğam korifeylərimizin həyat və fəaliyyətini təbliğ edən mərkəzdir. Mərkəzin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində bu istiqamətdə son illər mühüm işlər görülüb. Mərkəzin təşkilatçılığı ilə Azərbaycan muğam sənətinin möhtəşəm sütunları Əbdülbaqi Zülalova – Bülbülcana, Seyid Şuşunskiyə, Cabbar Qaryağdıoğluna həsr olunmuş dəyirmi masalar buna nümunədir. Bu tədbirlərdə ölkəmizin görkəmli alimləri, elm və sənət xadimləri iştirak edir, muğam sənətkarlarının həyat və fəaliyyətinə dair yeni-yeni mənbələr tapılıb üzə çıxarılır.

Mirzə Güllərin “Mirzə Hüseyn segahı” və “Yeri dam üstə yeri” xalq mahnısını vala yazdırdığı tədqiqatçılara və geniş muğam ictimaiyyətinə bəlli idi. Mirzə Güllərin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masanın keçirilməsi ərəfəsində o, BMM-nin tədqiqatı ilə bağlı Azərbaycanın Milli Səs Yazıları Arxivində olub, Mirzə Güllərin indiyə kimi tədqiqatçılar tərəfindən araşdırılmayan iki səs yazısını da tapıb. Bunlar Mirzə Güllərin oxuduğu, 1914-cü ildə Kiyevin “Monarx-Rekord” səsyazma studiyasında vala köçürülmüş “Kürdü-Şahnaz” muğamı və “Gəl görüm, gəl görüm kimin yarısan” xalq mahnısıdır. Bu lent yazıları Azərbaycan muğam sənətinin tədqiqi sahəsində çox mühüm tapıntılardır.

Dəyirmi masa iştirakçıları , Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə, Xalq artisti Ənvər Sadıqov, Xalq artisti Eldost Bayram, tədqiqatçı Turan İbrahimov, Mirzə Güllər irsinin bilicisi Ağakərim Nafiz, yazıçı Kənan Hacı qadın xanəndə haqqında tarixi faktlar və araşdırmalarla bağlı fikirlərini bölüşdülər. Çıxışlar zamanı qeyd edildi ki, Mirzə Güllərin doğum tarixi mənbələrdə qeyd edilmir. Lakin Güllərin keçmiş Cavad qəzasının (indiki Sabirabad rayonu) Cavad kəndində doğulduğu məlumdur. Təxminən 15-16 yaşlarında olarkən Güllər öz gözəl səsi ilə əvvəl yoldaşlarını sonra kənd əhalisini heyran etməyə başlamışdır.

XIX əsrdə din xadimləri oxumağı, müxtəlif çalğı alətlərində ifa etməyi günah sayırdılar və qadağan edirdilər. Güllərin səsinin şöhrəti yayılmağa başladıqda əvvəl din xadimləri, kənd ağsaqqalları, atası və qardaşları onu oxumaqdan çəkindirmək üçün təhdid etməyə başladılar.
Lakin qəlbi oxumaq eşqi ilə alovlanan Güllər kəndi qardaşının paltarında tərk edərək Şamaxıya üz tutur. Şamaxıya sığındıqdan sonra Güllər öz oxumağına kişi paltarında davam edir. Məşhur Şamaxı xanəndəsi Mirzə Məhəmmədhəsənin yanında muğam sənətinə yiyələnir və din xadimlərinin hədə qorxusuna baxmayaraq dövrünün ən məşhur xanəndələrindən biri olur. Şöhrəti təkcə Azərbaycanda deyil, İrana və Gürcüstana da yayılır.

“Dəyirmi masa” da Mirzə Güllərin repertuarından mahnılar da səsləndi. Xalq artisti Ənvər Sadıqov “Segah” muğamı, Ağakərim Nafiz “ Mirzə Güllərin repertuarından mahnı”, BMM-nin solistləri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Mirələm Mirələmov və Nisbət Sədrayevanın təqdim etdikləri bir-birindən maraqlı klassik muğam üslubunda ifaları böyük maraqla qarşılandı.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!