Site icon Frame.az

Daşkəsəndə fəaliyyət göstərən arıçı fermerlər təlimlərə cəlb edilib

Martın 30-dan aprelin 3-dək “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün təlimlər təşkil edilib.

QSC-dən Frame.az-a bildirilib ki, əsas missiyası Daşkəsəndə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olan nəzəri təlimlər 3 gün davam edib. Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası istiqamətində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb.

Eyni zamanda, KOBİA-nın Gəncə KOB İnkişaf Mərkəzinin cəlb etdiyi ekspertlər tərəfindən təlim iştirakçılarına sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında ətraflı məlumat verilib. Arıçılar üçün maliyyə resurslarına çıxış, subsidiyaların verilməsi, aqrar sığorta işinin təşkili mövzularında seminarlar təşkil edilib.

Layihənin növbəti mərhələsində arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuracaq kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədi ilə arı ailələri, o cümlədən müvafiq ləvazimatlar təqdim ediləcək.

“AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosial yönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Exit mobile version