Dejavu – (fransızca – artıq görülmüş) ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illuziya deməkdir. Dejavunu qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur.
Dejavu bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavu bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen insanların 70 faizdən çoxunda ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavu deyilir.
Dejavunun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.