IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib

“ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçiminin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi ilə G.Əsgərova adına 200 nömrəli məktəb-lisey kompleksində keçirilən imtahanda Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6 və 7-ci sinfini bitirən 1200-ə yaxın şagirdi iştirak edib.

İştirakçılar imtahana Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış buraxılış vərəqəsinə əsasən buraxılıblar.

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ilk mərhələsində şagirdlər riyaziyyat, alqoritm, biologiya, fizika, kimya, ümumi dünyagörüşü istiqamətində sualları cavablandırıblar.

İmtahanın nəticələri iki həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək.

İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər müsabiqənin növbəti mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaqlar.

“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Laboratoriyada təlim proqramı iki mərhələdən ibarətdir: ilk 24 ay layihə əsaslı tədris və 12 ay komanda dövrü. İştirakçılar 11 fərqli mövzuda (süni intellekt, robototexnika və kodlaşdırma, qabaqcıl robototexnika, elektron proqramlaşdırma və əşyaların interneti, enerji texnologiyaları, nanotexnologiya və materialşünaslıq, aviasiya və kosmik texnologiyaları, mobil tətbiq, kibertəhlükəsizlik, proqram təminatı texnologiyaları, dizayn və istehsal) texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçəcəklər. Hər təlim proqramının sonunda isə komanda şəklində layihələrini inkişaf etdirərək onun nümayişini həyata keçirəcəklər.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzinin açılışı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu ilin may ayında baş tutub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!