İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və müvafiq yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə dini icma üzvləri və din xadimləri üçün icbari tibbi sığorta barədə maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd din xadimləri vasitəsi ilə daha geniş əhali kütləsini səhiyyə sistemindəki yeni islahat olan icbari tibbi sığortanın tətbiqi, sığortaolunanların tibbi xidmətlərdən istifadə hüququ barədə məlumatlandırmağa nail olmaqdır.
Tədbirlərdə ümumilikdə 100 nəfərdən çox şəxs iştirak edib. Təlim iştirakçıları Sabunçu, Xəzər, Pirallahı, Nəsimi, Binəqədi, Qaradağ, Səbail, Yasamal və Nərimanov rayonlarından olan din xadimləri – axund, imam və dini icmaların üzvləri olub.
Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Amal Məlikov və Nuru İmanov çıxış edərək icbari tibbi sığorta sisteminin əhali üçün faydalarından danışıblar. Dini icma üzvlərini sistemin üstünlüyü barədə məlumatlı olmağa və əhalinin bu sahədə maarifləndirilməsində yaxından iştirak etməyə çağırıblar.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılarla icbari tibbi sığorta sistemi barədə fikir mübadiləsi aparılıb və əhalinin maarifləndirilməsi yolları barədə qarşılıqlı müzakirələr aparılıb. Görüşlər zamanı əhalinin məlumatlılığının artırılması məqsədilə icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsullarının məscidlərdə yerləşdirilməsi məsələsinə də toxunulub. Təlimlər sual-cavab sessiyası ilə yekunlaşıb.
Görüşlər zamanı təlim iştirakçılarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müraciətləri dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, növbəti təlimlər Suraxanı, Xətai və Nizami rayonlarında keçiriləcək.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə göstərdikləri dəstəyə görə Nərimanov, Yasamal, Nizami Rayon İcra Hakimiyyətlərinə və “Heydər Cümə” məscidinə təşəkkürümüzü bildiririk.