Mobil dünyaTəqdimat

Doksinq nədir və qadınlar üçün hansı təhlükəni törədir?

Getdikcə daha çox insan kiberqısnama, onlayn təqib və onlayn psixoloji zorakılığın digər növləri ilə üzləşir. Kaspersky şirkətinin araşdırmasına görə, bu tip kiberhücumların əsas qurbanı qadınlardır. Xəbərlərdə mütəmadi olaraq məşhur simaların, fəalların, jurnalistlərin başına gələn hadisələrlə bağlı xəbərlər yer alır.

Doksinq nədir?

Doksinq şəxsi məlumatların sahibinin razılığı olmadan onların toplanması və dərc edilməsidir. Dokser – doksinqlə məşğul olan şəxs – qurbanı haqqında ən təfərrüatlı məlumatları toplayır və sonra ya onu ictimaiyyətə açıq mənbələrdə dərc etməklə hədələyir, ya da faktiki olaraq dərc edir. Eyni zamanda, məlumatı toplamaq üçün xüsusi bilik və ya alətlər toplusuna sahib olmaq lazım deyil: demək olar ki, hər kəs adi axtarış xidmətindən istifadə edərək şəxsi məlumatları tapa bilər.

Bu işdə dokserlərin qarşıya qoyduğu məqsədlər olduqca müxtəlifdir: toplanmış məlumatlarının məxfiliyini qorumaq üçün qurbanı qorxutmaq, alçaltmaq, cəzalandırmaq və ya pul ödəməyə məcbur etmək.

Qurbanlar üçün doksinqin nəticələri olduqca ciddi ola bilər. Bəzən iş o yerə çatır ki, onların bəziləri yaşayış yerini dəyişməli olurlar.

Doksinqdən necə qorunmalı? 

“Qadınlar onlayn məxfilik və təhlükəsizliklərinin pozulmasından əziyyət çəkməməlidir və biz hamımız onları qorumaq üçün addımlar ata bilərik. Heç vaxt dokserlərin yaxınlarınızın həyatını idarə etməsinə və onları qorxuda saxlamasına imkan verməyin. Biz hər kəsi şəxsi məlumatları ilə bağlı diqqətli olmağa və onlayn məxfiliyi qorumaq üçün ehtiyat tədbirləri görməyə çağırırıq”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Doksinqdən yayınmaq və onlayn məxfiliyi necəqorumaq olar? Bəzi tövsiyələr: 

Mürəkkəb şifrələrdən istifadə edin: şifrələr unikal olmalı, hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət olmalıdır. Şəxsi məlumatı şifrə kimi istifadə etməyin. 

Sosial mediadakı məxfilik parametrlərinizi yeniləyin: sosial mediada şəxsi məlumatlarınıza girişi yalnız etibar etdiyiniz şəxslərlə məhdudlaşdıran məxfilik parametrləri olmalıdır. 

Anketləri və profilləri onlayn qaydada doldurarkən diqqətli olun: sosial təminat nömrələri, pasport nömrələri və ya maliyyə məlumatları kimi gizli saxlanması lazım olan şəxsi məlumatları heç vaxt payıaşmayın. 

Tanımadığınız adamlardan gələn mesajlara qarşı diqqətli olun: şəxsi məlumatlarınızı tələb edən yad adamların və ya şirkətlərin mesajlarını açmayın. 

Məxfilik proqramından istifadə edin: məxfilik proqramı şəxsi məlumatlarınızı qorumağa və doksinqin qarşısını almağa kömək edir.

Doksinq qurbanı nə etməlidir? 

Əgər siz və ya yaxınlarınız doksinqlə üzləşibsə, aşağıdakı addımları atmaqla onun zərərini minimuma endirə bilərsiniz: 

Şəxsi məlumatlarınızı paylaşan hər bir postu şikayət edin. Adətən sosial şəbəkələr bunu məxfiliyin pozulması kimi tanıyır, ona görə də onların silinmə ehtimalı yüksəkdir. Dostlardan da eyni qaydada şikayət etmələrini xahiş edə bilərsiniz. Bu, prosesi sürətləndirəcək. 

Sübut toplayın. Bütün formalarda təhdid və ya şantaj sübutlarını saxlayın: məktublar və ya mesajlar, sosial media yazıları, telefon zəngləri. Bu, gələcəkdə doksinq faktını təsdiqləmək üçün faydalı ola bilər. 

Yerli insan hüquqları təşkilatları ilə əlaqə saxlayın. Qeyri-hökumət təşkilatları adətən hüquq-mühafizə orqanlarından daha çox doksinq probleminin ciddiliyini başa düşürlər. Onlar sizə ən yaxşı fəaliyyət planını hazırlamağa kömək edəcəklər və çox vaxt daha da əhəmiyyətli yardım göstərə bilərlər (müvəqqəti mənzillə təmin olunmaya qədər). 

Dəstək üçün müraciət edin. Baş verənlər barədə etibar etdiyiniz dostlarınıza və ailənizə danışın. Onların dəstəyi sizə bu çətin dövrdən keçməyə kömək edəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!