Site icon Frame.az

Dövlət Miqrasiya Xidməti Çin vətəndaşlarına vizasız rejim tətbiq edilməsi barədə məlumat yayıb

İyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək etibarlı ümumvətəndaş pasportuna malik Çin vətəndaşları bu il iyulun 20-dən 2025-ci il iyulun 20-dək – 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qaldıqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Müvafiq dövr ərzində Azərbaycana üç dəfədən çox səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.

Çin vətəndaşları ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə – pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərlər.

Exit mobile version