TurizmTəqdimat

Dövlət Turizm Agentliyi mehmanxana nümayəndələri ilə onlayn görüş təşkil edib

Dövlət Turizm Agentliyin iki yüz əlliyə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş təşkil edib. Görüşdə ölkə ərazisində mövcud olan mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, görüş zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”, eləcə də tətbiq olunan məhdudiyyətlər haqqında mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib.

İştirakçılar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sentyabrın 1-dən etibarən mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması üçün hazırlanmış xüsusi mobil tətbiq barəsində məlumatlandırılıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi tərəfindən mobil tətbiqin istifadəsi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dövlət Turizm Agentliyinin nümayəndələri iştirakçılara COVID-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, qonaqlardan COVID-19 pasportunun tələb olunacağı tarix, dozaların sayı, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələbləri ətraflı izah ediblər.

Onlayn görüşdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, COVID-19 pasportu COVID-19-a qarşı tam peyvənd olunmanı (hər iki dozanın qəbulunu) və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiq edən sənəddir.

Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!