Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə səfər çərçivəsində UNESCO və Dünya İrs Mərkəzinin bir sıra rəhbər şəxsləri və Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə görüşlər keçirib.
DTA-dan Frame.az-a bildirilib ki, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos və Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou ilə keçirilən görüşlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin UNESCO ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin də iştirak etdiyi görüşlərdə Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
Fuad Nağıyev turizm sahəsində ölkədə aparılan islahatlar, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib. Bundan əlavə, UNESCO ilə turizm sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində də müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb.
Görüşlər zamanı Dövlət Turizm Agentliyi aprel ayında Paris şəhərində keçiriləcək UNESCO-nun İpək Yolu proqramının 35-ci ildönümünə həsr edilmiş mərasim və sərgidə iştirak üçün dəvət alıb. Xanım Qabriyela Ramos UNESCO-nun xüsusi İpək Yolu etiketinin yaradılması üzrə yeni bir konsepsiyanın işlənilməsi və bu layihənin ilk olaraq Azərbaycanda açıqlanması haqqında təşəbbüslə çıxış edib.
Görüş zamanı bu təşəbbüslə bağlı Bakıda 2023-cü ilin yay aylarında geniş açılış tədbirinin keçirilməsinə dair ilkin razılaşma da əldə olunub.
UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə görüş zamanı Azərbaycanın mədəni irs elementlərinin, xüsusilə arxeoloji irs əraziləri və elementlərinin araşdırılması, təbliğinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyətinin Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə görüşündə isə “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya faylı ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə hazırlanmış “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi UNESCO-nun III və V kriteriyaları üzrə hazırlanıb: sənəddə Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təqdim olunur.
Səfər çərçivəsində DTA heyəti ilə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) rəhbərliyi arasında da görüş keçirilib, nominasiya sənədi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” nominasiya sənədinin bütün dünya üzrə köçəri mədəni irsinin daha geniş öyrənilməsi ehtiyacını ortaya çıxardığı vurğulanıb və bu istiqamətdə ICOMOS-un DTA ilə əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmalara başlanılmasına dair ilkin razılıq əldə olunub.