Site icon Frame.az

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq sakinləri ilə görüş keçirib

Mayın 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Qubanın Xınalıq kəndində vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və müvafiq tapşırıqlar verilib.

Əsasən kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması məsələləri üzrə keçirilən qəbulda kəndin turizm potensialının inkişaf etdirilməsinin məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verdiyi bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində verdiyi göstəriş və tapşırıqların icrası çərçivəsində DTA tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri davam edir. Xınalığın coğrafi mövqeyi və relyefinə görə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyü səbəbindən evlərin təmiri və bərpası mərhələli şəkildə icra olunur.

Xınalıqda ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılaraq ekspertizadan keçirilib. 2021-ci ildə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. 2022-ci ildə isə təmir və bərpasına başlanılan 11 evdən 7-si üzrə işlərin böyük hissəsi tamamlanıb, 4 ev üzrə isə  hava şəraitinə görə işlər dayandırılıb. 2023-cü ildə isə yarımçıq qalmış evlərin təmiri və əlavə olaraq 14 evin bərpası üçün hazırlıqlara başlanılıb, daha 6 ev bərpa və təmir üçün qeydə alınmışdır. Bütövlükdə bu mərhələdə 44 evin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Ötən il Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təsvir olunan “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib.

Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır.

 

Exit mobile version