Dövlət Miqrasiya Xidmətində (DMX) 2021-ci ilin altı aylıq fəaliyyəti ilə bağlı onlayn mətbuat konfransı keçirilib.
Tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov altı ayda miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verib. Bildirib ki, yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən yaradılmış və aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən miqrasiya prosesləri də diqqətdə saxlanılıb. Bu Operativ Qərargahda DMX da təmsil olunur. Dövlət Miqrasiya Xidmətinin əsas prioritet məsələsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsini təmin etməkdir.
Qeyd olunub ki, ötən il martın 24-dən, yəni, sərhədlər bağlanandan indiyədək ölkəyə daxil olan hər bir əcnəbinin viza müddəti və ya ölkədə olma müddəti başa çatdıqdan sonra onlar leqal yaşaya bilirlər. Bu müddət sentyabrın 1-dək davam edəcək.