Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture – CIAV) prezidenti, professor Hossam Mahdi çıxış edib. O, mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.
Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları açıqlayıb.
Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdy iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb.