FestivallarMədəniyyətTəqdimat

Dünya Skaut Konfransının iştirakçıları üçün Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib

Avqustun 16-da Dünya Skaut Konfransının iştirakçıları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.

Frame.az xəbər verir ki, qonaqlar əvvəlcə “Atəşgah məbədi” ilə yaxından tanış olublar. Konfrans iştirakçılarına məlumat verilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

Bildirilib ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

Məbədlə tanışlıqdan sonra qonaqlar üçün musiqili gecə və ziyafət təşkil edilib. Tanınmış incəsənət ustalarının iştirak etdikləri konsert proqramında bir-birindən maraqlı ifalar təqdim olunub. Çoxsaylı iştirakçının qatıldığı gecə əlamətdar anlarla yadda qalıb.

Azərbaycan mədəniyyəti ilə tanışlığa həsr edilən gecə hər kəsə xoş ovqat bəxş edib. Qonaqlar “Atəşgah məbədi”ndən zəngin təəssüratlarla ayrılıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!