FestivallarMədəniyyətTəqdimat

Dünya skautları Bakı konfransının yüksək səviyyədə təşkilindən razıdırlar

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı maraqlı müzakirələrlə işini davam etdirir.

Frame.az xəbər verir ki, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə bağlı səmərəli fikir və təcrübə mübadilələri aparır, Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edirlər. Beynəlxalq tədbirin iştirakçıları Bakı konfransının yüksək səviyyədə təşkil olunmasından razılıqlarını bildirir, ölkəmizin gözəlliyinə və xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını söyləyirlər.

Avstraliyalı Ross Tutin:

-Bu, mənim Azərbaycana ilk səfərimdir. Təəssüratlarım olduqca yüksəkdir. Bakıda qədimlik və müasirliyin sintezinin şahidi olmaq məndə çox böyük maraq yaratdı. Təbii ki, yeni ölkələrə səyahət etmək çox yaxşıdır. Müxtəlif xalqların mədəniyyətləri ilə tanış olursan. Əminəm ki, Bakı konfransı dünya skaut hərəkatının inkişafına mühüm töhfə verəcək.

Konfransın Avstraliyadan olan digər iştirakçısı Kris Bates:

-Yeni ölkələrə səyahət etmək əla təcrübədir. Bakıda skautların gələcək strateji planlarını müzakirə edirik. Mən Qəbələdə və Qobustanda oldum. Axşam saatlarında insanların şəhərdə gəzintisi məni valeh etdi. İçərişəhər haqqında çox eşitmişdim. Buranı görmək arzusunda idim. Çox sevinirəm ki, mənə İçərişəhərdə qalmaq qismət oldu.

Çinli Yosef Yi Leunq Lau:

-Bakı çox təmiz, səliqəli şəhərdir. Dünya Skaut Konfransının burada keçirilməsindən çox şadam, təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Dünən İçərişəhəri gəzdim, Azərbaycan mətbəxinizin ləziz təamlarını daddım, çox gözəldir.

Uqandadan olan iştirakçı Stiv Pauleus:

-İlk dəfədir Azərbaycandayam. Belə bir konfransda iştirak etmək çox xoşdur. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum. İnsanlar çox mehribandır, bizimlə dostcasına ünsiyyət qururlar.

Nigeriyalı Jaap Boot:

-Azərbaycan çox xoşuma gəldi. Bakı olduqca maraqlı şəhərdir. Belə bir şəhərlə tanışlıq, insanların qonaqpərvərliyi məndə unudulmaz hisslər yaradıb.

Konfransın uqandalı iştirakçısı Riçard Kamya:

-Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrin skautları burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Hər şey əladır – hava limanından tutmuş konfransın keçirildiyi məkana qədər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!