Dünyanı düzəltmək istəyirsənsə corablarını gözəməkdən başla

Noyabrın 18-də Daş Salnamə Muzeyində Latviyanın Azərbaycandakı səfirliyi Latviya İncəsənət Akademiyası və Sigulda regionunun sənətkarları ilə birgə “Davamlı yaşam üçün gözəməyə başla” adlı tekstil layihəsi çərçivəsində corab sərgisi açılıb.

Sərginin tərəfdaşları “QGallery” və “PlatformArt” şirkətləridir. Sərgi çərçivəsində ustad dərsləri keçiriləcək.

Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa sərginin Latviyanın müstəqilliyinin 104-cü ildönümü münasibətilə açıldığını deyib: “Bu gün təqdim etdiyimiz “Davamlı yaşam üçün gözəməyə başla” şüarı altında keçirilən sərgi bir az qəribə səslənsə bilər, anacaq dünyada baş verən hadisələri nəzərə alsaq təbiəti, ekologiyanı qorumaq barədə düşüncələrə qapılırıq. Latviya kiçik ölkə olsa da gördüyümüz işlərin sayı böyükdür. Layihəni Azərbaycana gətirməkdə məqsəd bu işi birlikdə görmək, “dünyanı birlikdə xilas edə bilərik”, şüarı ilə fəaliyyət göstərməkdir”.

Latviya İncəsənət Akademiyasının professoru Barbara Aabele corabların tarixindən danışaraq deyib: “Corablar 21-ci əsrin istənilən məhsulu üçün gündəlik istehlakda metafora kimi seçilib. Corablar müasir və qədim etnoqrafiyada ən sadə və ən əvəzolunmaz geyimdir. Onlar, eyni zamanda, müxtəlif kontekstlərdə etalon kimi də dəyərləndirilir. Latviyanın yeni doğulmuş körpələrə, xəstələrə, döyüş meydanına gedən əsgərlərə corab vermək kimi çoxəsrlik ənənəsi var. Corablar hər bir kəsin həyatında ilk geyimlərdən biridir, həyatın ən xoşbəxt və ən çətin anlarında yol-yoldaşıdırlar”.

Bildirib ki, sərgidə corabın həyat dövrü və xarakteri mərhələli şəkildə – toxunuşu, geyilməsi, köhnəlməsi və yamanması təsvir olunur. Qızıl sap corabın ona sərf olunan resurslar, vaxt, bacarıqlar, iqtisadi və emosional baxımdan nə dərəcədə dəyərli olduğunun göstərilməsinə aid məcazi bir mesajdır. Buna görə də corabı gözəməyə dəyər.

Corablar Latviyanın Milli Tarix Muzeyində saxlanılan orijinallardan hazırlanmış nüsxələrdir. Onların tarixi 18-ci əsrin ikinci yarısına aid edilir və Latviyanın müxtəlif bölgələrindən toplanıb. Manjet hissəsi həndəsi naxışlarla təbii boyalı yun iplə toxunur. Muzeyin kolleksiyasında iki eyni coraba rast gəlmək mümkün deyil, hər bir corabın özünəməxsus manjeti və fərqli kodları var.

“Corabları yamamaqla siz, eyni zamanda, dünyanı düzəltmiş olursunuz. Bunu hər birimiz edə bilərik. İstehlakı azaltmağa başlayın, öz əşyalarınızı təmir edin və ekologiyaya nə dərəcədə xeyir verdiyinizin şahidi olun”, – deyə Barbara Aabele əlavə edib.

Latviya İncəsənət Akademiyasının professoru İeva Krumina Latviyanın müstəqillik gününü Azərbaycanda qeyd etməkdən məmnun olduğunu söyləyib. Bildirib ki, təqdim olunan ideya insanlara enerji ötürərək onların qəlbini isidəcək.

Latviya səfirliyi ilə əməkdaşlığından danışan Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya bildirib ki, budəfəki layihə insan yaddaşında yatmış yumşaq xatirələri oyadır: “Sərginin Daş Salnamə Muzeyində keçirilməsi özü bir tarixdir. Xatirələr müxtəlif formada bizim beynimizdə yaşayır. Hər xalqın öz yaddaşı olduğu üçün onları birləşdirmək gözəl nəticə verir. Ümid edirəm, bizim ideya insanları xoşbəxtliyə aparan gözəl bir başlanğıc olacaq”, – deyə bildirib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: