Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurdu.
Noyabrın 25-də Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olublar.
Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.