IqtisadiyyatTurizmTəqdimat

Emin Ağalarov yeni Sea Breeze Uzbekistan kurort kompleksi tikdirəcək

Emin Ağalarov (Agalarov Development) Özbəkistanda Çarvak gölünün sahilində yeni Sea Breeze Uzbekistan kurort kompleksi tikdirəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşdirilməsi planlaşdırılan “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin tikintisi ideyasını dəstəkləyib.

Layihəni “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov həyata keçirir. Bu artıq Özbəkistanda şirkətin ikinci layihəsidir. Bundan əvvəl “Ağalarov Development” şirkəti Daşkənddə premium yaşayış kompleksinin inşası barədə planlarını açıqlamışdır.

Çarvak su anbarı Daşkənddən 75 km aralı yerləşir və Özbəkistan sakinlərinin ən məşhur istirahət yerlərindən biridir. Su anbarının sahil xətti təxminən 100 km-dir. “Sea Breeze Uzbekistan” sahil boyu 570 hektar ərazidə yerləşərək, yaşayış kompleksləri və villalar, mehmanxanalar və apart otellər, istirahət zonaları, təchiz olunmuş çimərliklər, idman meydançaları, restoranlar, su idman növləri, golf idman növlərinə xüsusi önəm verən əyləncə və sağlamlıq infrastrukturunu əhatə edəcək.

Layihə çərçivəsində su anbarı üzərindən körpü tikiləcək ki, bu da “Sea Breeze Uzbekistan” ərazisini əsas magistral yollarla birləşdirəcək və paytaxtdan gediş vaxtını bir saata qədər azaldacaq. Sea Breeze Uzbekistan festivallara, konsertlərə və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və həm Özbəkistan sakinləri, həm də xarici turistlər üçün cazibə mərkəzinə çevriləcək.

“Biz burada müasir memarlıq və texnologiyaya malik unikal turizm mərkəzi yaratmaq və Bakı yaxınlığındakı Sea Breeze kurort şəhərimizdəki kimi onu bütün il boyu istirahət və yaşayış zonası olaraq inkişaf etdirmək istəyirik. Ümumi inkişaf sahəsi 6-7 milyon kvadratmetr olacaq, bu da təxminən 100 min yunitə bərabərdir. Kurort 250 min sakin üçün nəzərdə tutulub. Tikinti və investisiya üçün biz Azərbaycanda artıq uğurlu layihələr həyata keçirmiş olduğumuz etibarlı və təcrübəli şirkətlər, eləcə də Özbəkistandakı əsas developerlər arasından tərəfdaşlar cəlb etməyi planlaşdırırıq. “Sea Breeze Uzbekistan” şirkəti Özbəkistanın turizm və iqtisadi inkişafına mühüm töhfə verəcək. Biz Azərbaycanda mövcud uğurlu təcrübəni nəzərə alaraq bu ərazinin böyük perspektivlərini görürük. Bu tikintiyə 2025-ci ilin yazında başlamağı, 2026-cı ilin yayında isə ilk obyektləri işə salmağı planlaşdırırıq”, – Emin Ağalarov deyir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!