Oktyabrın 11-də “Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.
Heydər Əliyev Mərkəzi təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.
Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, ilk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu qeyd edib. O bildirib ki, 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
Qeyd edək ki, Azərbaycan “Expo 2020 Dubai” beynəlxalq sərgisində “Gələcəyin toxumları” tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.
Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Turizm həftəsi çərçivəsində “Yarım səhradan sıx meşələrə” başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, “Ən aşağı nöqtədən ən yüksəklərə” başlıqlı Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, “Qədim izlər, heyrətamiz mənzərələr” başlıqlı Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, “Müalicəvi təbiət, ilhamverici tarix” başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialı nümayiş etdirən təqdimatlar keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən start götürən sərgi 2022-ci ilin mart ayının 31-dək davam edəcək.