Musiqili Teatr Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məhşur – “Qodonun intizarında” əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.
Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirib ki, bu əsər bir çox nüfuzlu teatr arenalarını bəzəsədə, musiqili teatrlarda heç vaxt oynanılmayıb. Dünyada ilk dəfə“Qodonun intizarı” – absurd aləmin şah əsəri üçün simfonik musiqini məhz Azərbaycanda əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb.
“Hadisələrin bir məkanda və zamanda baş verdiyi “Qodonun intizarında” pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.
Fərəc Qarayevin “Qodonun intizarı” simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Və hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir… İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqqda məlumat verilmir. Qodo söz verib ki, Estraqon və Vladimirlə görüşsün və onlara nəsə versin. Amma bu “nəsə” nədir? Ölüm? Qurtuluş? Onların yaşamaqları üçün səbəb? Amma ortada bir şey var ki, Estraqon və Vladimir Qodonu nə üçün gözlədiklərini unudublar…” – deyə Teatrın direktoru Ə. Lalayev bildirib.
Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edirlər. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.
Frame.az