IqtisadiyyatTurizmTəqdimat

FAO və “Agrarco” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Agrarco” MMC arasında “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsi imzalanıb.

Frame.az xəbər verir ki, sözügedən layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır. Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırırlır.

Tədbirdə FAO-nun və “Agrarco” MMC-nin rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcədə digər qurumların nümayəndələri iştirak edib.

Tədbirin açılış mərasimində FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmak və “Agrarco” MMC-nin baş icraçı direktoru Cavid Kazımov çıxış edərək imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıblar. Daha sonra Aqrar Kredit və İnkişaf agentliyinin Sədri Seymur Mövlayev və layihənin milli koordinatoru Surxay Novruzov çıxış ediblər.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor və dövlət orqanları arasında strateji tərəfdaşlıqların qurulmasını müsbət qiymətləndiririk. Xüsusilə, özəl sektorla əməkdaşlıq imkanlarının yaradılması qida sistemlərinin sağlam və dayanıqlı şəkildə şaxələndirilməsinə və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir”, – deyə Mələk Çakmak öz çıxışında bildirib.

Əməkdaşlıq müqaviləsinə əsasən layihənin icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcək. Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların “Agrarco” MMC tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının utilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasının aparılması planlaşdırılır. Tərəflər müqavilə çərçivəsində, həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcək.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Prinsiplərində əks olunduğu kimi insan hüquqları və ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq çərçivədə qəbul edilmiş prinsiplərinin əməkdaşlıq müqaviləsində öz əksini tapdığı da vurğulanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!