EventsFestivallarMədəniyyətTəqdimat

Şahin Növrəsli: Beynəlxalq Piano Festivalı çərçivəsində 15 konsert təşkil ediləcək

Mayın 19-da Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

Festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli Bakıda festivalın keçirilmə ideyası haqqında danışıb. O qeyd edib ki, bu cür layihələr dünyanın hər yerində keçirilir. Ş.Növrəsli deyib: “Bu səbəbdən mən belə layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və mədəniyyət naziri Anar Kərimova bu təkliflə müraciət etdim. O, bu fikri dəstəklədi və hazırlıq başlandı. Məhz piano festivalının keçirilməsi barədə qərar əsassız deyildi, çünki pianoda müxtəlif janrda musiqilər ifa etmək mümkündür”.

Ş.Növrəsli vurğulayıb ki, festivalın bütün iştirakçılarını özü seçib. Festival günlərində 15 konsert təşkil olunacaq. “Ümidvaram ki, festival yüksək səviyyədə keçəcək və biz onu hər il təşkil edə biləcəyik”, – deyə o bildirib.

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Jerom Kelle bu piano festivalının dünya musiqi festivalları arasında layiqli yer tutacağına əminliyini vurğulayıb. Səfirliyin müşaviri qeyd edib ki, festivalda onun ölkəsini tanınmış pianoçu, Paris Konservatoriyasının və Alfred Korto adına Ali musiqi məktəbinin məzunu Remi Jenye təmsil edəcək. Pianoçu Fransa, Avstriya, İsveçrə, Belçika, Niderland, Almaniya, Polşa və ABŞ-ın məşhur konsert salonlarında çıxış edir. “O, Bonnda keçirilən Bethoven adına beynəlxalq pianoçular müsabiqəsinin ən gənc laureatıdır. 2013-cü ildə o, Kraliça Yelizaveta adına Beynəlxalq müsabiqənin gümüş mükafatçısı, 2015-ci ildə isə Nyu-Yorkda keçirilən “Young Concert Artistes International Auditions” müsabiqəsinin qalibi adını qazanıb. Pianoçu Bethovenin fortepiano ilə orkestr üçün məşhur 5 nömrəli Konsertinin – “İmperator”un qeyri-adi ifası ilə dünyada tanınıb. O, Bakıda bu əsəri səsləndirəcək”, – deyə J.Kelle əlavə edib. Musiqiçi festivalın birinci günü Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində çıxış edəcək.

Remi Jenye bildirib ki, o, ilk dəfədir Azərbaycana gəlib və Bakıda çıxış etmək fürsəti yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Gənc pianoçu dinləyicilərin qəlbini fəth edəcəyinə əminliyini söyləyib.

Çexiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ölkəsini bu festivalda təmsil edəcək Marek Novotnı barədə söhbət açıb. O, musiqiçinin Çində “Changsha” festivalında iştirakından və əsas mükafatı qazanmasından danışaraq deyib: “Çexiyalı musiqiçinin mayın 25-də keçiriləcək konserti elə həmin gün Çexiyada çıxış edəcək sizin tanınmış pianoçunuz İsfar Sarabskinin konserti ilə üst-üstə düşür. Bu, təsadüfən belə alınsa da, çox sevindiricidir”.

Polşa səfirliyinin nümayəndəsi Katajina Pyasetskaya bu tədbirin xüsusi və qeyri-adi olacağını vurğulayıb. “Festivalda Polşanı tanınmış musiqiçilər – pianoçu Agi Derlakın triosu təmsil edəcək. O, Polşa Fonoqrafik Akademiyasının ilin ən yaxşı caz debütü mükafatının laureatıdır”, – deyə K.Pyasetskaya bildirib.

Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Almaz Aydosov belə tədbirin təşkilinə görə təşəkkürünü bildirərək, Beynəlxalq Piano Festivalının ənənəvi olacağına əminliyini söyləyib. “Mayın 22-də caz musiqiçisi Vikram Ruzaxunovun konserti olacaq. O, “Caz Bişkek Vesna” beynəlxalq caz festivalının direktorudur, dünyanın hər yerindən tanınmış musiqiçiləri toplayır”, – deyə A.Aydosov qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!