Baku City CircuitFormula 1

FIA rəsmisi: Bakı şəhər halqası yarışa tam hazırdır

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula-1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da Bakıya səfər edərək trekin yarışa hazırlığını yerində incələyib.

Frame.az xəbər verir ki, Çarli Vaytinqin Bakıya səfərindən əvvəl Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti son işləri intensiv şəkildə həyata keçirir.

Bu il keçiriləcək Azərbaycan Qran-Prisindən iki həftə əvvəl ölkəyə səfər edən Çarli Vaytinq trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Trekə keçirdiyi baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq Formula-1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: “Bakı şəhər halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən ilə nisbətən daha hazırlıqlıdırlar. Ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı. Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq.

FIA nümayəndəsi trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bütün trası nəzərdən keçirdim. Bakı şəhər halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Mən və pilotlar bu dəyişikliklərdən məmnunuq”.

Ç.Vaytinq şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasının tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu bildirib.

Qeyd edib ki, Formula-1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət saatda 378 kilometr olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula-1 yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə 46 saniyə olmuşdu”.

Azərbaycan marşallarının hazırlıq səviyyəsini yüksək qiymətləndirən FIA rəsmisi onların ötən il Bakıda təşkil olunan ilk Formula-1 yarışında vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini diqqətə çatdırıb.

Vurğulayıb ki, səfərim zamanı marşalların hazırlığından bəhs edən bir neçə videonu izlədim. Əminəm ki, builki yarışda da marşallar yüksək peşəkarlıq nümayiş etdirəcəklər.

Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!