Site icon Frame.az

Florian Zenqstşmid: Azərbaycan “Slou Fud” (Slow Food) üçün gözəl təbiəti, iqlimi və təbii yerli qida məhsulları ilə zəngindir

Dünya turizmi üçün “slou fud” yeni bir təcrübədir və artıq bu sahənin xüsusi çəkisi formalaşıb. Azərbaycan da turizmdə “slou fud”un yeni destinasiya kimi inkişafında maraqlıdır.

Frame.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid noyabrın 24-də “Hər bir qastronomik təcrübə unikal turizm təcrübəsi ola bilər” mövzusunda keçirilən onlayn görüşdə bildirib.

Görüş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dağ Partnyorluğu Katibliyi (UNFAO Mountain Partnership Secretariat), “Slow Food” təşkilatı və Filippin Turizm Departamentinin təşkilatçılığı ilə keçirilib.

“Slou fud” destinasiyalar üçün dayanıqlı qastronomiya turizm modeli kimi” mövzusunda təqdimatla çıxış edən Baş icraçı direktor Azərbaycanın “slou fud” sahəsində tanınması üçün gözəl təbiətə, əlverişli iqlimə sahib olduğunu və təbii yerli qida məhsulları ilə zəngin olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Florian Zenqstşmid Azərbaycanda dayanıqlı turizmin inkişafı, ölkənin “slou fud” destinasiyası kimi formalaşması üçün bir sıra layihələrdən də bəhs edib.

Təqdimat çərçivəsində Baş icraçı direktor iştirakçılara “COVCHEG Slow Food” layihəsi haqqında məlumat verib. Florian Zenqstşmid Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihənin yerli qastronomiya və mədəni irsin dəyərləndirilməsi, Azərbaycan kənd icmalarının iqtisadi durumunun bərpası və inkişafı məqsədini daşıdığını diqqətə çatdırıb.

Baş icraçı direktor Azərbaycan Turizm Bürosu tərəfindən ölkədə dayanıqlı və ekoloji təmiz turizmi təbliğ edən turizm məhsulları, “slou fud” turizm modelinin əsas prinsipləri, strukturu, həmçinin destinasiya, turist və “slou fud” şəbəkələri üçün üstünlükləri barəsində də məlumat verib.

Vebinara Filippin, İtaliya və Azərbaycandan 40-dan artıq iştirakçı qatılıb.

Onlayn görüş “Dağ Ərazilərində Qastronomiya və Turizm İnkişafı” adlı pilot layihə çərçivəsində baş tutub.

Layihənin başlıca məqsədi yüksək keyfiyyətli ərzaq məhsullarını müəyyən edib sistemləşdirmək, istehsalçılar üçün “slou fud” və ekoloji təmiz kənd təsərrüfatı üzrə treninqlər keçirmək, eyni zamanda turizm sənayesinin nümayəndələri ilə istehsalçıları əlaqələndirib məhsullarının bazara çıxarılmasına dəstək göstərməkdir.

Dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan “slou fud” daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

 

Exit mobile version