Site icon Frame.az

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində şəhər sakinləri trek ətrafında maneəsiz hərəkət edə biləcəklər

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində şəhər sakinləri trek ətrafında maneəsiz hərəkət edə biləcəklər. Yarış həftəsi ərzində paytaxt sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Frame.az xəbər verir ki, bu sözləri aprelin 8-də təşkil olunan brifinqdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər üç zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir. Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız Formula 1 Azərbaycan Qran-Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət üçün etibarlıdır. İcazə sənədini aprelin 11-dən 28-dək ödənişsiz əldə etmək mümkündür. İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala salınan sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinin olduğu nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

“Birinci və ikinci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq. İcazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Neftçilər prospekti ilə Asəf Zeynallı küçəsinin kəsişməsi, ikinci zonaya giriş Rəşid Behbudov və Xəqani küçələrinin kəsişməsi, sonuncu zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq. Həmçinin bu il konsert proqramlarının “Baku Crystal Hall”da keçirilməsi ilə əlaqədar aprelin 27-28-də Azneft dairəsindən Dövlət Bayraq Meydanınadək olan yolda saat 17:00-dan 04:00-dək nəqliyyatın hərəkəti tam dayandırılacaq”, – deyə BŞH rəsmisi əlavə edib.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Exit mobile version