Baku City CircuitFormula 1IdmanTəqdimatƏn SonƏn Son

Formula 1 Azərbaycan Qran-Prisi üçün marşalların qəbuluna başlanılıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il iyunun 5-7-də Bakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

Frame.az xəbər verir ki, növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla, ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulub. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən yuxarı olan hər kəs iştirak edə bilər.

BŞH-nin idman əməliyyatları şöbəsinin və BMK-nin rəhbəri Çingiz Mehdiyev marşallıq fəaliyyətində indiyədək böyük uğurların əldə olunduğunu vurğulayaraq bildirib: “İlk dəfə fəaliyyətimizə 2016-cı ildə 100 nəfərlik yerli marşal heyəti ilə başlamışıq. Artıq klubumuzun üzvlərinin sayı 1800-ə çatıb. Bu, çox qürurverici haldır. Bu günədək Marşal proqramları çərçivəsində təşkil etdiyimiz intensiv təlimlər nəticəsində yüksək peşəkarlığa nail olan yerli marşallarımız hər il həm Bakıda baş tutan, həm də dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra Formula 1 yarışlarında iştirak edərək avtoidman dünyasına xüsusi fayda veriblər. Bir vaxtlar bizim üçün əlçatmaz görünən zirvələrə proqram iştirakçılarının həvəs və əzmkarlığı sayəsində çıxa bilmişik. Bu il daha böyük uğurlara imza atacağımıza inanırıq və fürsətdən istifadə edərək marşal adını qazananların hər birini şəxsən təbrik edir, maraqlı olan hər kəsi bu proqrama gecikmədən qoşulmağa dəvət edirəm”.

Proqrama cəlb olunmuş marşallar Formula 1 Azərbaycan Qran-Prisinin yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair lisenziya təqdim olunacaq. Marşal Proqramı haqqında ətraflı məlumatı klubun rəsmi veb-saytı və “Facebook” səhifəsindən əldə etmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!