Formula 1 Azərbaycan Qran-Prisi 2026-cı ilədək F1 təqviminə əlavə olunub.
Frame.az xəbər verir ki, yenicə imzalanmış üçillik müqaviləyə əsasən, Formula 1 Azərbaycan Qran-Prisinin müddəti 2026-cı ilədək uzadılıb.
Xəzər dənizinin sahilində yerləşən, Hermann Tilke tərəfindən hazırlanmış 6 km uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası həmişə yaddaqalan yarışlara ev sahibliyi edib və Formula 1 Azərbaycan Qran-Prisində bu vaxta qədər təkrar qalib olmayıb. Bakıda 2016-cı ildə keçirilmiş debüt F1 yarışının qalibi Niko Rosberq olub, ardınca isə Daniel Rikkardo, Luis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qələbə qazanıb.
Bu il Bakı Şəhər Halqası hər sessiyasında azarkeşlər üçün yüksək həyəcan vəd edən Sprint yarışının təsnifat turu və 100 km-lik Sprint yarışı ilə yeni formatda keçirilən mövsümün altı Sprint yarışından birincisinə ev sahibliyi edir.
“Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali deyib: “Bakı Şəhər Halqası “Formula 1” üçün çox populyar bir məkana çevrilib. Daim gərgin mübarizələrə şahidlik edən bu şəhər halqası son vaxtların ən yaddaqalan və ən həyəcanlı yarışlarına ev sahibliyi edib. Biz Azərbaycanla əlaqələrimizi genişləndirməyə şadıq və birgə inkişafımızı davam etdirməkdə maraqlıyıq”.
Gənclər və idman naziri Fərid Qayıbov söyləyib: “Biz “Formula 1” ilə davamlı tərəfdaşlığımızı təsdiqləməyə məmnunluğumuzu bildiririk. 2016-cı ildən etibarən artıq yeddinci mövsümdür ki, davam edən yarışın şəhərimizə və ölkəmizə iqtisadi, sosial və mədəni əhəmiyyəti danılmazdır. Formula 1 Azərbaycan Qran-Prisi daha üç il ərzində azarkeşlərimizi ilhamlandırmağa və onlara yarış həyəcanı bəxş etməyə davam edəcək. Baş tutmuş Bakı yarışlarından bir neçəsi bu avtoidmanın tarixində ən yaxşı yarış kimi yadda qalıb. Biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində yerli və xarici F1 azarkeşləri üçün daha da unudulmaz anlar yaşatmağı səbirsizliklə gözləyirik. Bugünkü razılaşma Azərbaycan Qran Prisinə bilet satışının rekord həddə çatdığı və 100-dən çox ölkədən on minlərlə azarkeşin qatıldığı yarış həftəsinə təsadüf etməsi ilə onu daha da əlamətdar etdi”.