Site icon Frame.az

Formula 1 azarkeşləri “Olimpiya mədəniyyəti və təhsil” proqramı barədə məlumatlandırılıb

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil” proqramı Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Əyləncə zonasında quraşdırılmış pavilyon vasitəsilə geniş ictimaiyyətə təqdim olunub.

MOK-dan Frame.az-a bildiriblər ki, Dənizkənarı Milli Parkda quraşdırılmış pavilyonda Azərbaycan, Böyük Britaniya, Fransa, Norveç və İspaniya mədəniyyəti, tarixi, incəsənəti və idmanına aid olan nümunəvi musiqi, rəqs, səhnələşdirilmiş tamaşalar, əyləncəli oyunlar, müsabiqələr, əl işlərindən ibarət sərgi Formula 1-in beynəlxalq və yerli qonaqlarına təqdim edilib.

Dörd gün ərzində fəaliyyət göstərən pavilyon Bakının 193, 132-134, 6, 20 nömrəli məktəb, həmçinin Avropa liseyinin kollektivləri tərəfindən idarə olunub. Müxtəlif ölkələri təmsil edən bu təhsil müəssisələri Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı zamanı fəaliyyət göstərəcək “Olimpiya mədəniyyəti və idman” pavilyonunda həyata keçiriləcək əsas fəaliyyət komponentlərini uğurla sınaqdan keçirib.

Pavilyon “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində iyulun 21–28-də Atletlər kəndində fəaliyyət göstərəcək. Bu pavilyon Bakıdan seçilmiş 49 təhsil müəssisəsi vasitəsilə Atletlər kəndində məskunlaşacaq 3 mindən artıq gənc idmançı, rəsmi nümayəndə və qonağa Azərbaycan da daxil olmaqla bütün Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanını təqdim edəcək. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğun təşviqidir.

Xatırladaq ki, “Olimpiya mədəniyyəti və təhsil” proqramı Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, MOK-un təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır.

Exit mobile version